Logo

Azərbaycan Respublikasının Dövlət bayrağı  milli suverenliyin simvoludur

06.11.2021 08:04 1552 baxış
IMG

Milli bayramlarımızı xalqımız hər zaman böyük təntənə ilə qeyd edir. Milli mənəvi dəyərlərimizin simvollarından olan bayrağımızın yüksəkliklərdə dalğalanması, beynəlxalq idman yarışlarında və başqa tədbirlərdə Azərbaycan övladlarının qazandıqları qələbələri  ilə əlaqədar göylərdə dalğalanması hər bir vətən övladını fərəhləndirir. Bayrağımız zəfərimizin simvoludur. Ötən il, 30 ildən sonra işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsində zəfər qazanan dövlətimizin, rəşadətli Milli Ordumuzun vətənpərvərliyi sayəsində üçrəngli bayrağımız göylərdə daha vüqarla dalğalanmağa başladı. Bir dövlətin, bir xalqın bundan gözəl bayramı ola bilərmi? Ölkə prezidentinin sərəncamı ilə 8 noyabr tarixinin Zəfər günü təsis edilməsi ilə iki gözəl, möhtəşəm bayramı biz  sevinclə qeyd edirik. Arzularım, istəklərim sonsuzdur. Qoy bu cür bayramlarımızda insanlar daha çox şənlənsinlər, sevinc sevincə qarışsın. Düşmən baxıb qəhr olsun. 

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u Dövlət bayrağı günü kimi qeyd edilir. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb,  1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyi nümayiş etdirir.
Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan edib. Ümummilli lider bu barədə deyirdi:  “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın     17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azər¬bay¬can Res¬pub¬li¬ka¬sı¬nın Döv¬lət bay¬ra¬ğı¬ Azər¬bay¬can və¬tən¬daş-la¬rı¬nın mil¬li həm¬rəy¬li¬yi¬nin, va¬hid məf¬ku¬rə ət¬ra¬fın¬da sıx bir¬ləş¬mə¬si¬nin baş¬lı¬ca amil¬lə-rin¬dən bi¬ridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur yeridir. 
 “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.
Biz bu gün əziz bayramlar ərəfəsindəyik. Xalqımızı, dövlətimizin başçısı İlham Əliyevi, dünya azərbaycanlılarını bu əziz bayramlar münasibəti ilə ürəkdən təbrik edir, sülh şəraitində firavan həyat arzu edirəm. Qoy dövlətimizin üçrəngli bayrağı daha yüksək pillələrdə dalğalansın, qalib dövlət olan Azərbaycan Respublikasının şanı, şöhrəti daha da artsın. Dövlətimizin iqtisadi inkişafı güclənsin, xalqımızın həyat tərzi yaxşılaşsın. Bayramımız mübarək olsun. 

İsmayılov Anar,
Tarix üzrə fəlsəfə doktoru

Xəbər lenti